“Azinvest” QSC-də icraçı direktor Vüqar Abdullayevin vəzifəsindən azad edilməsi ilə bağlı diqqətçəkən iddialar yayılıb.
Məlumata görə, hadisənin əsas səbəbi şirkətin kreditorlara məxsus və məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş təxminən 3 milyon manat vəsaitlə bağlı yaranmış fikir ayrılığı olub.
İddialara əsasən, “Aztelko” MMC-nin rəhbəri Orxan Muxtarov Vüqar Abdullayevdən həmin vəsaitin altı şəxsin adına bonus və mükafat adı altında ödənilməsini tələb edib.
Bildirilir ki, Vüqar Abdullayev bu tələbin qanunsuz olduğunu əsas gətirərək razılaşmayıb. O, əlində olan Ali Məhkəmənin qərarına və icra şöbəsinin təkrar xəbərdarlığına istinad edərək vəsaitin başqa istiqamətə köçürülməsinin mümkün olmadığını bildirib.
Vüqar Abdullayevə aid olduğu bildirilən mövqedə qeyd olunur:
“Orxan müəllim, burada açıq-aydın göstərilib ki, mən bu vəsaiti heç bir ad altında başqa istiqamətə köçürə bilmərəm. Mən dövlətin qanunlarına qarşı gedə bilmərəm. Kim istəyirsə gəlib imza atsın, bu məsuliyyəti öz üzərimə götürə bilmərəm”.
Məlumata görə, Vüqar Abdullayevə kreditorların həbs qoyulmuş vəsaitinin çıxarılmasına razılıq verəcəyi halda mükafat təklif edildiyi də iddia olunur. Lakin onun bu təklifi qəbul etmədiyi və belə bir mükafata ehtiyacı olmadığını bildirdiyi qeyd edilir.
İddialara görə, yaranmış fikir ayrılığından sonra Vüqar Abdullayev 27 noyabr 2026-cı ildə “Azinvest” QSC-nin icraçı direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, “Azinvest” QSC və bir sıra digər şirkətlərin “Aztelko” MMC qrupu daxilində fəaliyyət göstərdiyi, sözügedən struktura isə Orxan Muxtarovun rəhbərlik etdiyi bildirilir.
Hazırda yayılan məlumatlarla bağlı tərəflərin rəsmi mövqeyi məlum deyil.