Siyəzəndə azyaşlı su kanalında boğulub – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə “Taxtakörpü-Ceyranbatan” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Allahverdiyev Hüseyn Ceyhun oğlunun cəsədi batdığı yerdən 10 km aralı FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Siyəzəndə iki azyaşlı Taxtakörpü – Ceyranbatan su kanalına düşüb.

Zeynallı Ömər Vüsal oğlu və Allahverdiyev Hüseyn Ceyhun oğlu kanalın kənarında oynayan zaman suya düşüblər.

Ö.Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib, H.Allahverdiyevin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.//