Siyəzəndə su kanalına düşən uşağın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Ceyhun oğlu Allahverdiyevin cəsədi batdığı yerdən 10 kilometr aralıda FHN-in xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.