Ukrayna Rusiyanın üç regionundakı mühüm neft obyektlərini vurub

Noyabrın 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın neft ixracı sisteminin mühüm obyektlərinə - Samara vilayətindəki neft infrastrukturu obyektinə, Başqırdıstandakı "Nurlino" stansiyasına və Rostov vilayətindəki neft emalı zavoduna zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Samara vilayətinin Prosvet qəsəbəsi yaxınlığında yerləşən "Samara" xətti istehsalat-dispetçer stansiyası vurulub. Rusiyanın ixrac etdiyi neftin yarısına qədəri bu stansiyadan keçir.

Başqırdıstandakı "Nurlino" xətti istehsalat-dispetçer stansiyası da hücuma məruz qalıb. Ukrayna sərhədindən 1 200 kilometrdən çox məsafədə yerləşən bu obyekt magistral boru kəmərləri vasitəsilə böyük həcmdə Rusiya neftinin nəqlini təmin edir.

Bundan əlavə, Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavoduna da zərbə endirilib. Müəssisə ildə 7,5 milyon tonadək neft emal etmək gücünə malikdir. Zavodun ərazisində partlayışlar və yanğın qeydə alınıb.

Obyektlərə dəymiş ziyanın miqyası dəqiqləşdirilir.