Tailand 2027-ci ildə uzaq ölkələrdən 11 milyon turist cəlb etməyi və təxminən 23 milyard ABŞ dolları gəlir əldə etməyi hədəfləyir.
Bu hədəf neft qiymətlərinin artması, aviasiya xərclərinin yüksəlməsi və Yaxın Şərqdəki münaqişə kimi çətinliklərə baxmayaraq qarşıya qoyulub.
Tailandın turizm qurumunun (TAT) Avropa, Amerika, Yaxın Şərq və Afrika üzrə beynəlxalq marketinqdən məsul sədr müavini Çiravadi Xunsubun proqnozuna görə, uzaq məsafəli bazarlar 2027-ci ildə təxminən 4 faiz artım nümayiş etdirəcək. TAT 2026-cı il üçün də bu bazarlardan 10,7 milyon ziyarətçi qəbul etmək və 690 milyard baht gəlir əldə etmək hədəfini qüvvədə saxlayıb. İlin sonuna qədər gələnlərin sayının təxminən 10,77 milyona çatacağı və bununla da hədəfin aşılacağı gözlənilir.
Qeyd edək ki, ötən il Tailand 32 milyondan çox xarici turist qəbul edərək, Malayziyadan (42 milyon) sonra Cənub-Şərqi Asiyada ən çox ziyarət edilən ikinci ölkə olub.