AQC Bank Ekspertlər Şurasının növbəti toplantısı keçirilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurasının növbəti toplantısı keçirilib. Görüşdə AQC rəhbərliyi və ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər.

Toplantıda ilk olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər, bu istiqamətdə hazırlanmış təşəbbüslər və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İştirakçılara nəzərdə tutulan dəyişikliklərin mahiyyəti və qiymətləndirmə sektorunun inkişafı baxımından əhəmiyyəti barədə məlumat verilib.

Həmçinin qiymətləndirmə fəaliyyətində şəffaflığın artırılması, banklar üçün hazırlanan qiymətləndirmə hesabatlarının keyfiyyətinin və etibarlılığının yüksəldilməsi, eləcə də bank sektoru ilə qiymətləndirici təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

AQC İdarə Heyətinin sədri Vüqar Oruc bank nümayəndələrinə Cəmiyyətin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində görülən işlər barədə də məlumat verib. O, TEGOVA, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri və İVSC ilə əməkdaşlıq, beynəlxalq platformalarda təmsilçilik və bu istiqamətdə əldə olunan nəticələr barədə məlumat verib.

Toplantının sonunda AQC Bank Ekspertlər Şurasının fəaliyyətinin qarşıdakı dövrdə daha da gücləndirilməsi, bank sektoru ilə əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi və müzakirə olunan məsələlər üzrə müvafiq addımların atılması qərara alınıb.

Bank ekspert Şurasının üzvlərinə AQC-nin “Qiymətləndirmə” elmi-praktik jurnalı hədiyyə edilib.