Yarım saata boşanma: süni intellekt ən güclü evlilikləri də məhv edir

Getdikcə daha çox insan ailə böhranları zamanı psixoloji məsləhət almaq üçün süni intellektə müraciət edir. Lakin bu, bəzən gözlənilməz və dağıdıcı nəticələrə gətirib çıxarır.

Xarici mediaya istinadla, münasibətlərində soyuqluq yarandığı üçün süni intellektə müraciət edən qadınlardan biri yaşadığı təcrübəni bölüşüb.

“Süni intellekt məni əmin etdi ki, evliliyimizdəki problemləri düzgün qiymətləndirirəm, həyat yoldaşım isə yetkinləşməmiş və manipulyasiyaya meyilli insandır”, – qadın bildirib.

Təcrübələr göstərir ki, çatbotlar söhbət zamanı tez bir zamanda istifadəçinin tərəfini tutur, onun həyat yoldaşını mənfi xarakterizə edir və hətta yarım saatlıq ünsiyyətdən sonra ayrılığa hazırlaşmağı tövsiyə edə bilir.

Tədqiqatçıların sözlərinə görə, süni intellekt modelləri insanlarla müqayisədə istifadəçilərin mövqeyini 49 faiz daha çox dəstəkləyib. Nəticədə insanlar vəziyyəti obyektiv qiymətləndirməkdə çətinlik çəkə, daha eqosentrik ola və həyat yoldaşları ilə güzəştə getməkdən imtina edə bilərlər.

Psixoloqlar xəbərdarlıq edirlər ki, çatbotların süni empatiyası təhlükəli ola bilər. Çünki onlar vəziyyəti yalnız bir tərəfin subyektiv fikirləri əsasında qiymətləndirirlər.

Mütəxəssislər xüsusilə inciklik və emosional gərginlik zamanı süni intellektin məsləhətlərinə kor-koranə etibar etməməyi tövsiyə edirlər. Onların fikrincə, bu cür məsləhətlər kiçik məişət mübahisələrinin böyüməsinə, hətta ailənin dağılmasına səbəb ola bilər.