Zelenski Ukraynada hərbi sahədə yeni kadr təyinatlarının olacağını açıqlayıb

Ukrayna hərbi sahədə yeni kadr təyinatları həyata keçirməyi planlaşdırır.

Bunu ölkə Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, bu məsələ Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Pavlo Palisa ilə müzakirə olunub.

“Pavlo ilə hərbi sahədəki ayrı-ayrı kadr məsələlərini də müzakirə etdik. Təyinatları Ukraynanın müdafiə naziri və Silahlı Qüvvələrin baş komandanı ilə birgə həyata keçirəcəyik”, - Zelenski qeyd edib.

Görüşdə cəbhədə və qoşunlarda mövcud vəziyyət, eləcə də ordunun ehtiyacları müzakirə olunub.

Zelenski bildirib ki, Ukrayna 2027-ci ildə pikap avtomobillərinin satın alınması proqramını davam etdirməyə hazırlaşır. Hazırda satınalmaların həcmi və maliyyələşdirilməsi məsələləri üzərində iş aparılır.

Palisa, həmçinin tərəfdaşlarla Ukraynaya hava hücumundan müdafiə vasitələrinin, qüllələrin və digər avadanlıqların tədarükü ilə bağlı təmaslar barədə məlumat verib.

“FREYJA antiballistik proqramımız çərçivəsində işin prioritetlərini, Avropadakı istehsalçılarla müvafiq razılaşmaları müzakirə etdik. Proqramın icrasında irəliləyirik və həqiqətən effektiv antiballistik sistemin yaradılmasına yaxınlaşırıq”, - Zelenski vurğulayıb.