Ukrayna prezidenti Volodimir Zelenski Donbas bölgəsindən könüllü şəkildə geri çəkilməyin ölkənin müharibədə məğlubiyyəti anlamına gələcəyini bildirib.
Ukrayna mediasının məlumatına görə, dövlət başçısı bu fikirləri noyabrın 24-də Yerli və Regional Hakimiyyət Orqanları Konqresində çıxışı zamanı səsləndirib.
Zelenskinin sözlərinə görə, söhbət yalnız müəyyən ərazilərin itirilməsindən getmir. Ukraynanın öz qərarı ilə torpaqlarından imtina etməsi gələcəkdə Rusiyanın yeni ərazi tələbləri irəli sürməsinə şərait yarada bilər.
Prezident hesab edir ki, heç bir təhlükəsizlik zəmanəti ölkənin ərazi güzəştlərindən sonra Rusiyanın yenidən hücum etməyəcəyinə tam təminat verə bilməz.
Məsələ ABŞ-ın vasitəçiliyi ilə aparılan Rusiya-Ukrayna sülh danışıqlarında əsas fikir ayrılıqlarından biridir. Noyabrın 14-də Zelenski açıqlamışdı ki, ABŞ nümayəndələri Ukraynanın NATO-ya üzvlüyü müqabilində Donbasdan geri çəkilməsi ehtimalını müzakirəyə çıxarıblar. Kiyev isə öz ərazilərindən imtina etməyə hazır olmadığını bildirib.
Ukrayna prezidenti bununla belə, konkret təhlükəsizlik zəmanətləri, güclü ordu və ölkənin bərpası üçün maliyyə dəstəyi nəzərdə tutulan hərtərəfli razılaşmanın referendumda müzakirəyə çıxarıla biləcəyini istisna etməyib.
Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərini əhatə edən Donbas Rusiyanın Ukraynaya qarşı müharibəsində əsas mübahisəli ərazilərdən biridir.