Xəzər dənizinin geri çəkilməsi nəticəsində sahilboyu ərazilərdə yüzlərlə metr enində yeni torpaq sahələri üzə çıxıb. Bəzi ərazilərdə dənizin mövcud sahil xətti ilə faktiki su təmas xətti arasındakı məsafə 800 metrə çatır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərovun açıqlamasına görə, geriçəkilmə nəticəsində üzə çıxan həmin ərazilər hazırda da Xəzər dənizinin akvatoriyasına aid dövlət mülkiyyətində olan və istifadəsi qadağan edilən sahələrdir. Onun sözlərinə görə, bu ərazilərin hüquqi statusunun və istifadə vəziyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə araşdırmalar aparılacaq.
REdaksiya mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:
Dənizin geri çəkilməsinin davam etməsi isə sahilboyu ərazilərin gələcək taleyi, ekoloji təhlükəsizlik və torpaqdan istifadə məsələlərini yenidən gündəmə gətirir. Bəs, dənizin geri çəkilməsi nəticəsində üzə çıxan ərazilərlə bağlı hansı tədbirlər görülməlidir? Bu torpaqların gələcəkdə istifadəsi hansı prinsiplər əsasında tənzimlənməlidir?
“Eyni səhvi təkrarlamamalıyıq”
Coğrafiyaşünas alim Ənvər Əliyev hesab edir ki, Xəzərin geri çəkilməsi müvəqqəti prosesdir və üzə çıxan ərazilərin bölüşdürülməsinə, istifadəyə verilməsinə tələsmək olmaz.
Alimin sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin cəmi 2 metr enməsi nəticəsində təxminən 280 min hektar ərazi sudan azad olur. Lakin bu sahələrin dərhal torpaq kimi qiymətləndirilməsi düzgün deyil. Çünki dənizin dibindən üzə çıxan ərazilərdə torpaq qatının formalaşması üçün uzun müddət tələb olunur.
Ə.Əliyev bildirib ki, əvvəllər də Xəzərin geri çəkilməsi zamanı üzə çıxan ərazilər bölüşdürülüb, həmin sahələrdə tikinti və infrastruktur layihələri həyata keçirilib. Lakin sonradan dənizin yenidən irəliləməsi nəticəsində görülən işlər və çəkilən xərclər ciddi problemlərlə üzləşib:
“Xəzər dənizinin geri çəkilməsi müvəqqəti prosesdir. 30-40 il əvvəl də belə vəziyyət yaranmışdı. Həmin əraziləri bölüşdürdülər, tikintilər apardılar, hətta dəmir yolu çəkdilər. Sonra Xəzər yenidən öz əvvəlki səviyyəsinə qayıtdı. Nəticədə dəmir yolu istifadəsiz qaldı, çəkilən xərclər də batdı. Ona görə də indi eyni səhvi təkrarlamamalıyıq. Heç nəyə toxunmaq lazım deyil. 3-5 il vəziyyət belə olacaq, yenidən Xəzər öz əvvəlki səviyyəsinə qayıdacaq”.
Səviyyənin bərpası üçün vaxt lazımdır
Ə.Əliyev hesab edir ki, Xəzərin səviyyəsindəki dəyişiklikləri qiymətləndirərkən təbii dövriliklə yanaşı, iqlim və yağıntı amilləri də nəzərə alınmalıdır. Onun fikrincə, hazırda dünyada, xüsusilə Avropadan İrana qədər geniş ərazilərdə yağıntıların artması Xəzərin su balansına da təsir göstərə bilər.
Xəzərin quruda qalan torpaqlarını bölüşdürək, yoxsa gözləyək? – Foto
Alim bildirib ki, Xəzərin cənub hissəsində dərinlik 1025 metrə çatdığı halda, şimal hissəsi xeyli dayazdır:
“Cənub hissəsindən başlayaraq səviyyənin qalxması ehtimalı var. Ona görə də narahat olmağa dəyməz. Xəzər dənizi 371 min kvadratkilometr ərazini əhatə edən nəhəng su hövzəsidir. O, bir gecəyə nə quruyar, nə də dolar. Onun səviyyəsinin enməsi uzun illərdir davam edir, bərpası da xeyli vaxt aparacaq”.
Sahilboyu ərazilərdə 3 mindən çox qanunsuz tikili aşkarlanıb
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı hesab edir ki, Xəzər dənizinin geri çəkilməsi nəticəsində üzə çıxan ərazilərin qorunması və istifadəsinə nəzarət gücləndirilməlidir. Onun sözlərinə görə, Prezidentin bu məsələ ilə bağlı imzaladığı sərəncamla Əmlak Məsələləri Dövlət Xidmətinə Xəzəryanı ərazilərin idarə olunması istiqamətində əlavə səlahiyyətlər verilib. Əvvəllər sahilboyu mühafizə zolaqlarının idarə olunması müxtəlif dövlət qurumlarının səlahiyyətləri çərçivəsində həyata keçirilirdisə, yeni yanaşma ilə bu sahədə funksiyaların Əmlak Məsələləri Dövlət Xidmətində cəmləşdirilməsi nəzərdə tutulur.
Ekspert bildirib ki, indiyədək aparılan araşdırmalar zamanı Xəzər dənizinin sahilboyu ərazilərində 3 mindən çox sənədsiz və qanunsuz tikilinin mövcudluğu müəyyən edilib. Onun fikrincə, ilk növbədə sahil zonalarının, xüsusilə dənizin geri çəkilməsi nəticəsində quruyan ərazilərin yenidən zəbt olunmasının qarşısı alınmalıdır:
“Həmin ərazilərin əvvəlki qaydada zəbt olunmasına, qeyri-qanuni yollarla bağlanmasına, əlavə tikililərin inşa edilməsinə və ictimai iaşə obyektlərinin qanunsuz fəaliyyət göstərməsinə yol verilməməlidir. Hesab edirəm ki, bu istiqamətdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ardıcıl və davamlı monitorinqlər aparılacaq”.
“Yaxın perspektivdə bu sahələr qorunub saxlanılmalıdır”
R.Osmanlının fikrincə, sahilboyu ərazilərdə ekoloji standartların qorunması əsas şərt olmalıdır. Ekspert vurğulayıb ki, xarici ölkələrin təcrübəsində də dənizkənarı ərazilər konkret təyinatlar üzrə istifadə edilsə belə, ekoloji normalara və normativ hüquqi aktların tələblərinə ciddi əməl olunur.
Onun sözlərinə görə, sahilboyu ərazilərdə tikinti aparılacaqsa, bu proses qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, hotelçilik və turizm kimi fəaliyyət növləri də müvafiq hüquqi çərçivədə təşkil olunmalıdır. Bu ərazilər ayrı-ayrı şəxslərin şəxsi maraqları naminə istifadə edilməməlidir.
Ekspert hesab edir ki, Xəzərin geri çəkilməsi nəticəsində üzə çıxan sahələrin hazırkı mərhələdə iqtisadi dövriyyəyə cəlb edilməsi düzgün yanaşma deyil. Çünki yaxın illərdə dənizin səviyyəsinin yenidən yüksəlməsi ehtimalı mövcuddur:
“2-5 ildən sonra Xəzərin yenidən əvvəlki səviyyəsinə qayıtması ehtimalı var. Belə olan halda həmin ərazilərdə həyata keçirilən layihələrin taleyi necə olacaq? Düşünürəm ki, yaxın perspektivdə bu sahələr qorunub saxlanılmalıdır. Əgər 10-15 ildən sonra aparılan araşdırmalar və təhlillər nəticəsində Xəzərin əvvəlki səviyyəsinə qayıtmayacağı məlum olarsa, o zaman həmin ərazilərin qanunvericiliyə uyğun, ölkə iqtisadiyyatına fayda gətirəcək şəkildə istifadəsi məsələsinə baxmaq olar. Bunun üçün isə ən azı 3-5 il ərzində araşdırmalar aparılmalıdır. Hər bir halda qərarlar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmalı, ekoloji standartlar qorunmalıdır”.