Horadizdə rusların apara bilmədiyi sirli hərbi qurğu və rus generalın erməni işğalı haqda əsəbi proqnozu...

“Təəssüf ki, rusların dediyi kimi də oldu. Bir il keçməmiş ermənilər elə Rusiya ordusunun dəstəyi ilə Laçından, Qubadlıdan, Cəbrayıldan tutmuş Horadizədək ərazilərimizi işğal etdilər və bizim Ağbəndədək İranla sərhəd boyunca gördüyümüz işlər yarımçıq qaldı…”

...1991-1992-ci illər... Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkənin qarşısında bir-birindən mürəkkəb və taleyüklü vəzifələr dayanırdı. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi və mühafizəsinin təşkili də həmin mühüm məsələlərdən biri idi. Sərhədləri qoruyacaq milli hərbi strukturun yaradılması isə faktiki olaraq sıfırdan başlanırdı...

Azərbaycan Dövlət Sərhəd Xidmətinin keçmiş rəis müavini, istefada olan polkovnik Sucəddin Abdullayev həmin mürəkkəb və tarixi prosesin ilk günlərindən etibarən hadisələrin içində olub. O, müstəqilliyin bərpasından sonra sərhəd mühafizəsi sisteminin formalaşdırılmasını, sovet sərhəd strukturlarının Azərbaycandan çıxarılmasını, sərhəd zastavalarının, əmlakın və infrastrukturun qəbul edilməsini və s. olay və prosesləri birbaşa yaşayan şəxslərdəndir.

Polkovnik Sucəddin Abdullayev Moderator.az-a həmin illərin ən mühüm və maraqlı məqamların barədə xatirələrinin nəqlini davam edir:

(Əvvəli burada: )

…Horadizdə zastavaları təhvil alarkən maraqlı bir hadisə ilə qarşılaşdıq. Orada hələ bağlaması açılmamış, iri ölçülü, naməlum bir hərbi avadanlıq vardı. Habibulin və digər sovet zabitləri həmin qurğunu ərazidən aparmağa cəhd etdilər. Lakin Azərbaycan tərəfdən sərhəd komissiyasının sədri Arif Əlyarov bizə ciddi tapşırıq verdi ki, elə şərait yaradaq ki, onlar həmin qurğunu apara bilməsinlər. Bildirdi ki, bizim o avadanlığa ehtiyacımız olacaq...

– Həmin hərbi avadanlıq nədən ibarət idi?

– Doğrusu, həmin qurğunun nə olduğunu bilmədim. Ola bilsin ki, sərhədlərə nəzarət etmək üçün nəzərdə tutulmuş radiolokasiya avadanlığı və ya buna bənzər bir texniki vasitə idi...

Xülasə, elə şərait yaratdıq ki, ruslar həmin texniki qurğunu Horadizdən çıxarıb apara bilmədilər. Onlar avadanlığı qaldırıb maşına yükləmək üçün əraziyə avtokran gətirmək istədilər. Lakin biz müəyyən bəhanələrlə həmin maşını əraziyə buraxmadıq. Bu zaman Rusiya tərəfdən sərhəd komissiyasının sədri olan general Zemtsov hərbçilərə əmr verdi ki, qurğunu əllə, kustar üsulla maşına yükləsinlər. Rus hərbçilər avadanlığı ağacların üzərinə qoyub sürüşdürməklə maşına yükləməyə çalışırdılar. Lakin qurğu həddindən artıq ağır olduğundan sürüşdü və az qala, bir neçə əsgər onun altında qalaraq ən azı ağır yaralanacaqdı. Bundan sonra ruslar həmin avadanlığı aparmaq cəhdindən əl çəkdilər. Amma rus general qəzəblə üzünü bizə tutaraq belə dedi: “Biz bu qurğunu apara bilmədik. Ancaq o sizə də qismət olmayacaq. Onsuz da biz- Rusiya qoşunu buradan çıxan kimi ermənilər hücum edib bütün bu əraziləri işğal edəcəklər..”.

Təəssüf ki, rusların dediyi kimi də oldu. Bir il keçməmiş ermənilər elə Rusiya ordusunun dəstəyi ilə Laçından, Qubadlıdan, Cəbrayıldan tutmuş Horadizədək ərazilərimizi işğal etdilər və bizim Ağbəndədək İranla sərhəd boyunca gördüyümüz işlər yarımçıq qaldı…

Horadiz yaxınlığında, Araz çayının qarşısında bir suvarma anbarı var idi. Ondan Azərbaycanın müxtəlif ərazilərində, xüsusən də Füzuli və Beyləqan rayonlarının təsərrüfat sahələrinin suvarılmasında istifadə olunurdu. Anbarın bəndi üzərindən o taya – İrana keçid üçün körpü kimi də istifadə edilirdi. İlk vaxtlar çox da ağır olmayan avtomobillərlə həmin istiqamətdən Naxçıvana ərzaq, yanacaq və digər yüklər daşınırdı…

Lakin yük maşınlarının keçməsi nəticəsində sonradan bəndin müəyyən hissələrində çatlar əmələ gəldi. İran tərəfi də artıq həmin bəndin üzərindən yüklərin daşınmasına icazə vermədi. Bundan sonra, 1993-cü ilin əvvəllərində, rəhmətlik Afiyəddin Cəlilovun rəhbərliyi ilə Cəbrayıl rayonunun Qumlaq kəndi tərəfdən Araz çayı üzərində yeni körpü salındı və Naxçıvana gedən yüklər həmin körpüdən keçirilməklə daşınmağa başlandı...

Onu da qeyd edim ki, Horadizdəki su anbarının rəhbəri Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın həyat yoldaşı Köçəri Babayev idi. Horadiz sərhəd dəstəsinin yaradılması işində o, bizə çox kömək edirdi.

Beləliklə, Lənkəran-Astaradan Horadizə, oradan da Zəngilan rayonunun Ağbənd kəndinədək, başqa sözlə, Ermənistanın, əslində isə tarixi Zəngəzurun Meğri adlanan ərazisinədək təxminən 561 kilometrlik, eləcə də Naxçıvan Muxtar Respublikasının İran və Türkiyə ilə təxminən 220 kilometrlik, deməli, bütövlükdə təxminən 780 kilometrlik sərhədimiz boyunca sərhəd dəstələrinin və zastavaların ilkin qurulmasını başa çatdırdıq. Onu da deyim ki, Naxçıvanda müxtəlif zastavaları qurarkən də İran tərəfinin heç bir müdaxiləsi ilə rastlaşmırdıq...

Amma bir məsələni də qeyd edim: İran tərəfi bizə Naxçıvana hərbi yük daşımağa qətiyyən icazə vermirdi. Heç bir hərbi yükü buraxmırdılar. Yalnız ərzaq və yanacaq daşınmasına icazə verilirdi. Hərdən hətta hərbi geyimləri də buraxmırdılar. Biz hərbi yükləri yalnız Müdafiə Nazirliyinin hərbi yük təyyarələri ilə aparırdıq. İran tərəfi isə əsasən ərzaq, geyim və yanacaq kimi məhsulların daşınmasına icazə verirdi.

– Zəngilanın Ağbənd kəndində artıq o zaman bütövlükdə Rusiya “FSB”-sinin sərhəd qoşunları tərəfindən mühafizə olunan Meğri sərhəd dəstəsinin ərazisi ilə təmas nöqtəsinə çatarkən rus hərbçilər sizə hansısa maneə yaratmağa çalışmırdılar ki?

– Xeyr. O vaxt artıq dövlətlər arasında rəsmi razılaşma olduğundan Rusiya hərbçiləri bizə heç bir maneə törədə bilmirdilər. Maraqlı məqam ondan ibarət idi ki, ruslar hazırda Zəngəzur yolunun keçəcəyi həmin təxminən 45 kilometrlik sərhəd xətti boyuncaçox böyük bir struktur yaratmışdılar. Bu strukturun şəxsi heyətinin sayı onların sovet dövründə Naxçıvan sərhəd dəstəsindəki qoşunlarının sayı ilə eyni idi. Ştat üzrə təxminən 1500 nəfər hərbi qulluqçu nəzərdə tutulurdu. Halbuki Naxçıvanın İran və Türkiyə ilə sərhədinin uzunluğu 220 kilometrə yaxın idi. Yəni müqayisədə Meğridə neçə dəfə az sayda hərbçi olmalı idi...

Beləliklə, 1992-ci ilin sonunadək İranla sərhəd dəstələrini və onların infrastrukturunu ilkin şəkildə bərpa etdik.

(Davamı var)