Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüşdən əvvəl idarə müdiri Xırdalan şəhəri 11 nömrəli məktəbin və YTTM-in pedaqoji heyəti ilə görüşərək onların fəaliyyəti ilə tanış olub.
Daha sonra təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən görüşdə müəssisələrin fəaliyyət istiqamətləri, tədris prosesinin təşkili və idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı məsələlər müzakirə olunub.
Elxan Nəcəfov təhsil sahəsində qarşıya qoyulan hədəflərdən danışaraq təlim nəticələrinin yaxşılaşdırılmasının, təhsilalanlar üçün əlverişli öyrənmə mühitinin yaradılmasının və rəhbərlərin idarəçilik bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
O, hər bir təhsil müəssisəsində işin düzgün planlaşdırılmasının, mövcud problemlərin vaxtında müəyyən edilərək aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə müəllimlərin peşəkar inkişafına dəstək, valideynlərlə sağlam kommunikasiya mühitinin qurulması, təhsil müəssisələrində təhlükəsizlik və daxili nizam-intizam məsələləri də diqqət mərkəzində olub.
Sonda idarə müdiri müzakirə edilən məsələlərlə bağlı müəssisə rəhbərlərinə müvafiq tövsiyələr verib.