“Şirvan”dan sponsorlar üz döndərib?

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında mübarizə aparan və cari mövsümün iddialı komandalarından biri sayılan "Şirvan” son günlər maliyyə vəziyyəti ilə bağlı yayılan xəbərlərlə gündəmə gəlib. Belə ki, mətbuatda bölgə təmsilçisinin sponsorları ilə əməkdaşlığı dayandırdığı, tərəfdaşların klubdan geri çəkildiyi barədə məlumatlar yer alıb. Bu xəbərlər komandanın gələcək planları, mövsümün qalan hissəsindəki hədəfləri və futbolçular qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı müəyyən suallar yaradıb.

Məsələ ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün “Football-plus.az” olaraq, klubun meneceri Emin Məmmədovla əlaqə saxladıq:

“Azarkeşlərimizin diqqətinə çatdırmaq istəyirik ki, “Şirvan”ın maliyyə vəziyyəti, sponsorlarla əməkdaşlığı və futbolçular qarşısında öhdəliklərində problemlər mövcud deyil. Klubumuzun mövcud sponsorları ilə əməkdaşlığında hər hansı bir dayandırılma və ya geriçəkilmə halı yoxdu. Hazırda GBARU, “Mister Tum”, HENTR və “Xızıroğlu” şirkətləri klubumuzla əməkdaşlığı davam etdirir. Biz bu tərəfdaşlığa və qarşılıqlı etimada böyük önəm veririk.

Bununla yanaşı, məqsədimiz mövcud tərəfdaşlarımızı qorumaqla kifayətlənmək deyil. Klubun maliyyə və təşkilati imkanlarını genişləndirmək, yeni sponsorlar cəlb etmək və daha dayanıqlı idarəetmə modeli formalaşdırmaq istiqamətində işlərimizi davam etdiririk.

“Şirvan” yeni formalaşan və inkişaf yolunda olan bir klubdu. Təbii ki, bu proses müəyyən çətinliklər və çağırışlar ilə müşayiət oluna bilər. Komandamızın hədəfləri və mövsümün qarşısında duran idman vəzifələri dəyişməyib. Şirvan futbolunun inkişafı, klubun daha da güclənməsi və azarkeşlərimizin etimadının qorunması istiqamətində fəaliyyətimizi davam etdiririk”.