“Əslində mənim ad günümü təntənəli qeyd etmək fikrim yox idi. Sağ olsun rəfiqələrim Arzu xanımla Sveta xanım mənə sürpriz edib İsraildən Azərbaycana doğum günümə gəldilər. Bu mənim üçün də böyük sürpriz oldu. Onu da bildirim ki, Arzu xanım Milli Qəhrəmanımız Albert Aqarunovun bacısıdır. Bir də digər sahələrdən olan rəfiqələrim gəlmişdi. Bu gözlənilməz də olsa çox xoşuma gəldi və xoş dəqiqələr yaşadıq. Özümə bunu arzulayıram ki, xasiyyətim, xarakterim heç zaman dəyişməsin. Necə varamsa həmin xasiyyətdə də qalım”
Bunu açıqlamasında Əməkdar Mədəniyyət işçisi, tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra doğum gününə sənət aləmindən insanların qatılmamasına belə münasibət bildirib:
“Mən axı ad günümü qeyd etməyi planlaşdırmamışdım. Sənət aləmindən də kimlər zəng edib soruşmuşdularsa demişdim ki, ad günü etmirəm. Hətta Ofeliya Şabanova və digər müğənnilər də gəlmək istəyirdilər. Onlara da dedim ki, gələn il yığışarıq. Bu gələn qonaqlar da restoranımda gizlin ofisiantla danışıblar ki, ora gələcəyik amma Zülfiyyə xanım bilməsin. Mən bilmirdim ki, onlar gələcəklər. Planlaşdırsaydıq bəlkə də belə keçməzdi. Allah hamının ürəyinə görə versin. Bəlkə də ən yaxşısı budur. Torta qədər özləri bişirdib gətirmişdilər” deyə sənətçi bildirib.