Dağıstan parlamentinin deputatları veyp və nikotin tərkibli maye elektron siqaretlərin satışına beş illik məhdudiyyət qoyulması haqqında qanunu ikinci və son oxunuşda qəbul ediblər.
Dağıstan Xalq Məclisinin mətbuat xidmətinin məlumatına görə, məhdudiyyətlər 1 mart 2027-ci il tarixindən bütün respublika ərazisində qüvvəyə minəcək.
"Dağıstan Respublikası Xalq Məclisinin deputatları Parlamentin sədri Zaur Əskəndərovun təşəbbüsü ilə hazırlanmış qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul ediblər. Sənəddə respublika ərazisində elektron siqaretlərin satışına beş illik qadağa təklif olunur. Məhdudiyyət 1 mart 2027-ci il tarixindən qüvvəyə minəcək və 1 mart 2032-ci ilə qədər qüvvədə qalacaq", - deyə məlumatda bildirilir.
Qanuna əsasən, uşaq baxçası və sosial müəssisələrdə, istirahət zonalarında, su hövzələrinin yaxınlığında və yeniyetmələrin qatıldığı kütləvi tədbirlərdə tütün və nikotin tərkibli məhsulların satışı qadağandır. Bu tədbirlər tütün istehlakını azaltmaq və əhalini passiv tüstüdən qorumaq məqsədi daşıyır.