Tokayevin “məsciddən kitabxanaya” şüarı türk-islam dünyasının inkişafında yeni mərhələ ola bilər

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkəsinin gələcək inkişaf istiqaməti ilə bağlı maraqlı açıqlama verib. Tokayev qeyd edib ki, bundan sonra ölkə ərazisində məscid deyil, kitabxana tikintisinə xüsusi diqqət yetiriləcək:

“Bir vaxtlar bizdə məscid tikmək dəbdə idi, hesab edirəm ki, kitabxanalar tikmək lazımdır. “Oxuyan millət” təşəbbüsü çərçivəsində yaxın vaxtlarda Astana və Almatıda gecə-gündüz fəaliyyət göstərəcək prezident kitabxanaları açılacaq. Tənqidi düşüncəni sadəcə “düymələrə sıxmaqla” inkişaf etdirmək mümkün deyil - bunun üçün mütaliə etmək lazımdır. Neyroşəbəkələr “Hərb və sülh” romanının 25 səhifəlik qısa məzmununu hazırlayaraq əsərin qalan hissəsini əhəmiyyətsiz hesab edib kənara ata bilər. Klassik ədəbiyyata bu cür yanaşma təhlükəli dərəcədə sadələşdirmədir”.

Tokayevi “məsciddən kitabxanaya” şüarı ölkədə elmin, təhsilin inkişafına ciddi təkan verəcəyi, bütün cəmiyyəti, xüsusilə də yeniyetmə və gəncləri mütaliəyə həvəsləndirəcəyi birmənalıdır. 24 saat fəaliyyət göstərəcək zəngin kitabxanalar insanların özlərini müstəqil inkişaf etdirmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq, “oxu” anlayışının bütün cəmiyyətə hakim kəsilməyinə kömək edəcək. Bu isə dost Qazaxıstana elm və texnologiyanın hakim olduğu dünyada öz mövqeyini möhkəmləndirməyə, daha sürətlə tərəqqi etməyə, dəyər istehlak etməklə yanaşı, həm də dəyər istehsal edən dövlətə çevrilməyə imkan verəcək.

Əslində, Tokayevin “məsciddən kitabxanaya” şüarı ideya olaraq yalnız Qazaxıstanın deyil, bütövlükdə türk-islam dünyasının inkişafında yeni bir mərhələ ola bilər. Çünki tarix və təcrübə sübut edir ki, yalnız inkişaf və tərəqqi deyil, vicdan, ədalət kimi anlayışlar da din adı ilə xurafata qucaq açan ölkələrdə deyil, elm və texnologiyaya üz tutan dövlətlərdə olur. Bu baxımdan, Tokayevin məlum açıqlaması bütün türk dünyası, İslam aləmi üçün də bir çağırış hesab edilə bilər. Və əminliklə demək olar ki, bu çağırışa əməl etmək türk-İslam dünyasına yalnız və yalnız səadət bəxş edəcək.