“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilib, həyata keçirilməsinə icazə verilib. Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş (bundan sonra – Saziş) qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.
Nazirlər Kabineti tərəfindən Sazişin Podratçı tərəflərinə Sazişin 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiyası üzrə verilmiş və Sazişin həmin redaksiyası ilə birlikdə Azərbaycanın 2009-cu il 22 may tarixli 814-IIIQ nömrəli Qanunu ilə qəbul edilmiş Azərbaycan Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra − Hökumət təminatı) qüvvədə qalır.
Sazişin əsas mətninə edilmiş 12 (on iki) Əlavə (bundan sonra − Əlavələr) qəbul və təsdiq edilməli və onların həyata keçirilməsinə icazə verilməlidir.
Bu Qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olur, Hökumət təminatı isə Azərbaycanın Qanunu olaraq qüvvəsini saxlayır. Sazişdə konkret surətdə başqa hallar müəyyən edilmədiyi təqdirdə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycanın hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir (bu Qanunun 2-ci maddəsi və Sazişin onun dəyişdirilməsinin və yeni redaksiyada tərtib edilməsinin hüquqi nəticələrinə dair müddəaları nəzərə alınmaqla), habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin Podratçı tərəflərinə kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və icazələr verilir.
Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.