Baş nazir daha bir qərar imzaladı

Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində qoyuluş gücü 70 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə ümumilikdə 8,7870 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

ONN media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin sahə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 7,6154 hektar və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 1,1716 hektar torpaq sahəsindən ibarətdir. Energetika Nazirliyinə bu ərazidə elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun həyata keçirmək tapşırılıb.

Qərar qüvvəyə mindiyi tarixdən 8,7870 hektar torpaq sahəsində külək elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.