Balakən Rayon İcra Hakimiyyətinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq başçısı İslam Rzayevin məhkəməsi başlayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq İbrahimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
İslam Rzayevin məhkəməsi 11 dekabra təyin edilib.
Qeyd edək ki, sabiq icra başçısı İslam Rzayev və Balakən Rayon İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.