“Dağlıq və ucqar kəndlərdə yaşayan əhali üçün qış ayları ciddi sosial və iqtisadi çətinliklərlə keçir. Sərt iqlim şəraiti səbəbindən bu ərazilərdə evlərin qızdırılmasına daha çox enerji sərf edilir. Lakin mövcud qaz və elektrik enerjisi tarifləri aztəminatlı ailələrin büdcəsi üçün əlavə yük yaradır”.
Bu fikirləri Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Busaat.az-a açıqlamasın da səsləndirib.
“Bir çox kənd sakini qazın qiyməti baha olduğundan evini qızdırmaq üçün oduna üstünlük verməyə məcbur qalır. Ancaq odun da ucuz deyil. Bir maşın odunun qiyməti kifayət qədər yüksəkdir. Bu da xüsusilə aşağı gəlirli ailələrin büdcəsinə ciddi zərbə vurur. Digər tərəfdən, qazdan istifadə edən sakinlər müəyyən edilmiş limiti keçdikdən sonra daha yüksək tariflərlə üzləşirlər. Nəticədə isə az maaş alan, pensiya və sosial müavinətlə dolanan insanlar qış aylarında qaz və işıq xərclərini ödəməkdə çox çətinlik çəkirlər”.
Ə.Vəliyev vurğulayır ki, dağlıq ərazilərdə soyuq hava şəraiti üç ay deyil, bəzən ilin böyük hissəsini əhatə edir.
“İnsanlar soyuq evlərdə yaşamağa məcbur qalmamalı, istilik təminatı onların maddi imkanlarından asılı vəziyyətə düşməməlidir.
Hesab edirəm ki, dağlıq və sərt iqlim şəraitinə malik ərazilərdə yaşayan ailələr üçün ayrıca güzəşt mexanizminin yaradılması məsələsinə ciddi yanaşılmalıdır. Xüsusilə qış mövsümündə qaz və elektrik enerjisi üzrə istehlak limitlərinin artırılması, yaxud həmin ərazilər üçün fərqli tarif və subsidiya mexanizminin tətbiqi nəzərdən keçirilməlidir. Ümumiyyətlə, rayonlarda, kəndlərdə yaşayan əhali üçün xüsusi güzəştlər edilməlidir.
Bu mexanizm tətbiq olunarsa, həm də kəndlərin boşalmasının, paytaxtın yüklənməsinin qarşısının alınmasına töhfə verər”.
Şəhla Sabirli