Əli Kərimlinin müdafiəsini iki erməni milyarder maliyyələşdirir?

AXCP sədri Əli Kərimlinin müdafiəsi istiqamətində Londonda keçirilən tədbirlər, onun ailə üzvlərinin xarici siyasətçilərlə təmasları və bu prosesdə iştirak edən təşkilatların əlaqələri kampaniyanın maliyyə mənbələri məsələsini gündəmə gətirir.

"Faktyoxla.az"ın araşdırmalarında bu məsələdə iki erməni milyarderin – Ruben Vardanyan və Samvel Karapetyanın adı önə çıxır. Hər iki iş adamının erməni diaspor təşkilatlarına maliyyə dəstəyi göstərdiyi, həmin təşkilatlarla əlaqəli siyasi şəxslərin isə Əli Kərimlinin beynəlxalq səviyyədə müdafiəsində iştirak etdiyi bildirilir.

Dekabrın 15-də Böyük Britaniya parlamentinin Lordlar Palatasında Əli Kərimlinin işinə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbirdə onun övladları Türkel və Sezan Kərimli də iştirak edəcəklər.

Burada diqqət çəkən əsas məqamlardan biri tədbirin moderatoru Tim Lautonun siyasi keçmişidir. O, 2020–2024-cü illərdə Britaniya parlamentinin Ermənistan üzrə qrupuna rəhbərlik edib, Qarabağ məsələsi ilə bağlı Azərbaycanı tənqid edən təşəbbüslərdə iştirak edib. Ermənistanla münasibətlərin inkişafındakı fəaliyyətinə görə ötən il Ermənistan parlamentinin medalı ilə təltif olunub.

Lautonun rəhbərlik etdiyi parlament qrupunun katibliyində Böyük Britaniya Erməni Milli Komitəsinin sədri Annet Moskofianın da təmsil olunması bu əlaqələrin institusional tərəfini göstərir.

Əsas məsələ isə həmin təşkilatların hansı maliyyə mənbələrinə malik olmasıdır. Axar.az-ın araşdırmasında erməni diasporunun əsas maliyyə təminatçıları sırasında Ruben Vardanyan və Samvel Karapetyan göstərilir. Nəşr Vardanyanın Britaniyadakı erməni təşkilatlarının donorlarından biri olduğunu bildirir.

Samvel Karapetyanın adı isə Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo ilə bağlı maliyyələşdirmə iddialarında hallanır. Axar.az isə Okamponun may ayında yayılan açıqlamalarına istinad edərək onun iştirak etdiyi kampaniyalara hər iki milyarderin maliyyə dəstəyi göstərdiyini yazır.

Bu əlaqələrdə digər diqqətçəkən fiqur Baronessa Helena Kennedidir. Qarabağla bağlı araşdırmalarda Okampo ilə əməkdaşlıq edən Kennedi noyabrın 12-də Londonda Əli Kərimliyə verilən “Maqnitski mükafatı”nı onun qızına təqdim edən şəxsdir.

Əli Kərimli ailəsinin xarici siyasi təmasları yalnız Britaniya ilə məhdudlaşmır. Faktyoxla.az-ın materialında Türkel Kərimlinin ABŞ senatoru Piter Velçlə görüşündən də bəhs edilir. Velç Amerika Erməni Milli Komitəsinin dəstəklədiyi siyasətçilərdən biridir.

Bu mənzərə Əli Kərimlinin müdafiəsi istiqamətində fəaliyyət göstərən şəxslərlə erməni diaspor təşkilatları arasındakı əlaqələrin araşdırılmasını aktuallaşdırır. Xüsusilə Ruben Vardanyan və Samvel Karapetyanın həmin təşkilatların maliyyələşdirilməsindəki mümkün rolu diqqət çəkir.