Tramp: Putinlə yaxşı münasibətlərim Ukrayna ilə bağlı razılaşmaya nail olmağa kömək edir

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin Ukrayna müharibəsinin dayandırılması istiqamətində razılaşma əldə etməsinə kömək etdiyini bildirib.

Tramp Rusiya liderinə dost münasibət bəsləməsinin Moskvanın Ukraynaya qarşı təcavüzünü pisləməsi ilə necə uzlaşdığı barədə jurnalistlərin sualını cavablandırıb.

ABŞ Prezidenti danışıqlar prosesində tərəflərlə dialoqun qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Putinlə yaxşı münasibətlər saxlamaq müharibənin dayandırılması üçün imkan yaradır.

“Bu iki fikir eyni anda doğru ola bilər. Biz razılaşma əldə etmək istəyirik. Qətlləri dayandırmaq istəyirik. Mən deyə bilərdim ki, o, mənim dostum deyil, yaxud onun qarşısına çıxıb ‘Sizi sevmirəm’ söyləyə bilərdim. Amma bu halda Zelenski ilə Putin arasında mövcud olan problemlə eyni vəziyyət yaranardı. Münaqişənin həllində ən böyük problem iki liderin bir-birinə həqiqətən nifrət etməsidir. Buna görə də mən onunla görüşəndə və göründüyü kimi, yaxşı anlaşanda bu, onunla çoxdan tanış olmağımla bağlıdır”, – deyə Tramp bildirib.

Trampın fikrincə, Ukrayna münaqişəsinin həlli üçün tərəflər arasında dialoqun davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.