Kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçmək istəyən vətəndaşlar çətinliklə üzləşirlər.
Xüsusilə xərçəng xəstələri üçün vacib olan kontrastlı KT və MRT müayinələrini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki bəzi tibb müəssisələrində etdirmək mümkün deyil.
Belə ki, "Yeni Klinika"da bir neçə aydır KT işlək vəziyyətdə deyil. MRT aparatı isə yeni təmir olunub, lakin hazırda onunla yalnız baş-boyun nahiyəsinin müayinəsi aparılır.
Onların sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında isə ümumiyyətlə, kontrastlı KT müayinəsi həyata keçirilmir:
"Xəstəxanada adi KT aparatı var və işləkdir, ancaq kontrastlı müayinə aparılmır. Bundan başqa, tibb müəssisəsində MRT aparatı da yoxdur. Sabunçu Tibb Mərkəzində isə KT işləmir, MRT işlək vəziyyətdədir, uzun növbələr olur, hətta gecə saatlarında da xəstə qəbul edilir".
Şikayətçilər bildirirlər ki, özəl klinikalarda müayinələrin qiyməti yüksək olduğundan, xəstələr bu xidmətlərdən yararlana bilmirlər. Özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına müayinə olunmaq üçün göndəriş almaq problemə çevrilib.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, cavab almaq mümkün olmayıb.