Kolin Farrellin dostu Emma Foqarti ilə Dublin marafonunda iştirakından bəhs edən “The Slightest Touch” sənədli filmi noyabrın 25-də “HBO” platformasında yayımlanıb.
Filmin mərkəzində nadir genetik xəstəliklərdən biri olan epidermoliz büllozadan əziyyət çəkən Emma dayanır.
Bu xəstəlik dərinin olduqca həssas olmasına, ən kiçik toxunuşdan belə yaralanmasına səbəb olur. Həkimlər vaxtilə onun 40 yaşına çatmasının çətin olacağını düşünürdülər.
Lakin Emma gözləntiləri alt-üst edərək həyatını müstəqil yaşamağa davam edib və marafon çağırışını qəbul edib. Kolin Farrell də dostuna bu yolda dəstək göstərib. Sənədli film təkcə idman sınağını deyil, illərlə davam edən dostluğun, iradənin və insanın öz məhdudiyyətlərinə qarşı mübarizəsinin hekayəsini danışır. Ekran əsəri xəstəlik haqqında məlumatlandırma ilə yanaşı, çətinliklər qarşısında insan münasibətlərinin gücünü də önə çəkir.