Estoniya Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesini dəstəkləyir.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Avropa İttifaqı (Aİ) ilə Bakı arasındakı münasibətlərdə mühüm irəliləyişi qeyd edən M.Tsahkna vurğulayıb ki, Aİ respublika ilə uzunmüddətli tərəfdaşlıqda maraqlıdır:
"Aİ Azərbaycana strateji tərəfdaş kimi baxır və ticarət, energetika və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyə çalışır. Mən istərdim ki, Estoniya Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin liberallaşdırılmasını dəstəkləsin. Biz daha çox azərbaycanlı tələbənin Estoniya ali məktəblərində təhsil almağa gəlməsində, daha çox Estoniya sakininin isə Bakıya və sizin gözəl ölkənizə səfər etməsində maraqlıyıq".
İki ölkə arasındakı səmimi münasibətlərə diqqət çəkən nazir qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkür edib.