Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Estoniyanın xarici işlər naziri Marqus Tsahkna geniş tərkibdə görüş keçiriblər.
Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq gündəmin əsas məsələləri müzakirə olunub.
Nazirlər ikitərəfli təmasların və qarşılıqlı səfərlərin intensivləşdirilməsini alqışlayıb, siyasi dialoqun gücləndirilməsinin, xarici işlər nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsinin, parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov Estoniyanın 2026-cı ildə Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması münasibətilə həmkarını təbrik edib və səfirliyin fəaliyyətinin ikitərəfli münasibətlərin möhkəmlənməsinə, siyasi dialoqun genişlənməsinə və əməkdaşlığın institusional əsaslarının güclənməsinə töhfə verəcəyini qeyd edib.
Görüşdə ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Nazirlər noyabrın 4-də keçirilmiş Azərbaycan-Estoniya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əhəmiyyətini vurğulayıb və növbəti iclasın yeni sahələrdə əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradacağını bildiriblər.
Tərəflər nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.
Ceyhun Bayramov Ermənistan-Azərbaycan normallaşma prosesi, regionda son hadisələr və sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar barədə qarşı tərəfə məlumat verib.
Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər, həmçinin mina təhlükəsinin yaratdığı humanitar problemlər barədə məlumat verib.
Nazirlər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında təkbətək görüş başlayıb.
Görüş Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.
***
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
Qeyd olunub ki, Ceyhun Bayramov Xarici İşlər Nazirliyində Marqus Tsahknanı qarşılayıb.