“Barselona” məğlubiyyəti sonrası “Sabah”ı nə gözləyir? – Ekspert rəyi

“Növbəti oyun “Sabah” üçün həlledici olacaq”.

Bu sözləri tanınmış idman jurnalisti Mehman Süleymanov “Barselona” məğlubiyyətindən sonra “Sabah”ın şanslarını Yenicag.az-da dəyərləndirərkən bildirib.

M.Süleymanov hesab edir ki, “Vilyareal” oyunu “Sabah” üçün “pley-off” biletinə aydınlıq gətirəcək:

“UEFA Çempionlar Liqasında mübarizə hələ bitməsə də, ekvator xəttini keçib. Artıq 5-ci turun matçları oldu və “Sabah” növbəti məğlubiyyətini alandan sonra hazırda 3 xalla 33-cü sıradadır. Göründüyü kimi, artıq autsayderlər qrupunda qərarlaşmışıq və hamımız keçən il “Qarabağ”ın yazdığı tarixin təkrarını “Sabah” üçün arzulayırıq ki, ikinci dəfə bu həyəcanı yaşayaq. Baxmayaraq ki, bu o qədər də real görünmür, amma hər bir halda qarşıda daha 3 oyun var. Turnir cədvəlində sıxlıq var və şanslar hələ də bitməyib. Rəqiblərimizə nəzər yetirəndə diqqət çəkən məqam odur ki, bir oyun evdə, ikisini səfərdə oynayacağıq. Bu il son matç dekabrda “Vilyareal”la İspaniya səfəri olacaq, son iki matç isə yanvara təsadüf edəcək. Evdə “Napoli” ilə, Londonda “Arsenal”la qarşılaşacaq. Hər üç rəqib çox güclüdür və “böyük beşlik” təmsilçiləridir. Onların turnir cədvəlindəki mövqeyinə baxsaq, “Arsenal” liderlər qrupundadır, növbəti rəqibimiz olan “Vilyareal”la arada cəmi 3 xallıq fərq var. “Sabah” bu oyunda qələbə qazanmaqla xalı bərabərləşdirəcək. Rəqib də “Sabah”dan aralanmaq və şansını artırmaq üçün qələbə qazanmaq istəyəcək. Növbəti rəqibimiz olan “Napoli” də 4 xalla hələ ilk 24-lüyə düşə bilməyib. Unutmayaq ki, “Napoli” son oyunda “Mançester Siti” kimi rəqibi qələbəyə həsrət qoydu və 2:2 hesablı nəticə ilə oyundan 1 xalla ayrıldı. Düşünürəm ki, “Vilyareal” matçı həlledici olacaq. “Sabah” sensasiyaya imza atıb qalib gəlsə, şanslarını xeyli artırmış olacaq. Bu oyunda 1 xal da pis nəticə sayılmayacaq. Qarşıda “Napoli” ilə ev oyunu var və doğma meydanda oynayanda üstünlük daha çox olur. Son oyunda “Arsenal”la Londondakı oyundan xalla ayrılmaq çox müşkül məsələdir. “Vilyareal” səfərindən uğurlu nəticə komandamızın şanslarına müəyyən mənada aydınlıq gətirəcək ki, nə dərəcədə növbəti “pley-off” şansı qalır. Məğlub olarsa, düşünürəm ki, məsələ həll olmuş olacaq və ilk 24-lük real görünməyəcək”.