Anar bir həftəlik makiyaj dərsinə görə 10 min dollar alır

Stilist Anar Ağakişiyev bir tələbəyə makiyaj sənətini öyrətmək üçün aldığı məbləği açıqlayıb.

Qaynarinfo-ya istinadla, stilist bir həftəlik təlim üçün tələbədən 10 min dollar aldığını bildirib.

“Mən bu sahəni ucuzlaşdırmaq, 300-500 manata tələbə hazırlamaq istəmirəm. Bu fitri istedad mənə Allahdan verilib, ömrümün 26 ilini bu işə həsr etmişəm. Nə son zəng, nə toy, nə də yas görmüşəm. Xarici ölkələrdə yuxusuz gecələr keçirmişəm ki, bu sahənin zirvəsinə ucalım. Dünyada ilk beşlikdə yer alan ustalardan biriyəm. Niyə vaxtımı 300-500 manata həsr etməliyəm? Mən normalda 300-500 manat qazanıram”, – deyə o bildirib.

Anar Ağakişiyevin sözlərinə görə, təlimə 10 min dollar ödəyən hər kəs dərslərə daha məsuliyyətlə yanaşacaq:

“10 min dollarını verən hər bir şəxs təlim boyu Anarın ağzından çıxan bütün sözləri, əl hərəkətlərinə qədər yaddaşında saxlayacaq”.