Özbəkistanda işçilərin SMS-lə işdən azad edilməsi təklif olunur

Özbəkistanda distant çalışan işçilərin işdən azad edilməsi qaydasının dəyişdirilməsi təklif olunur.

Bu barədə "Pressa" nəşri yazır.

Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, işəgötürənlər əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi işçilərə SMS, elektron poçt, Vahid Milli Əmək Sistemi və tərəflərin razılaşdırdığı internet tətbiqləri vasitəsilə göndərə biləcəklər.

Bildirişdə işdən azad edilmə tarixi və bunun əsasları göstərilməlidir. İşəgötürən müvafiq əmrin surətini işçiyə ya elektron formada, ya da sifarişli poçt göndərişi ilə təqdim edə biləcək.

Dəyişikliklərə əsasən, işçinin işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etməsi üçün üç aylıq müddətin işdən azad edilmə barədə əmrin surətinin təqdim edildiyi və ya göndərildiyi, yaxud SMS bildirişinin alındığı gündən hesablanması təklif olunur.

Qeyd edək ki, müvafiq dəyişikliklər hazırda ictimai müzakirəyə çıxarılıb və hələ qüvvəyə minməyib.