Putin “qisas” və “sülh” kartlarını eyni vaxtda açır: Dekabrın 10-da nə baş verəcək?

“Putin mətbuat konfransında həm “qisasçı”, həm də “sülhpərvər” ritorikadan istifadə edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Həşim Səhrabi bildirib.

H. Səhrabi Rusiya Prezidenti Vladimir Putinin dekabrın 10-da jurnalistlər üçün keçirəcəyi mətbuat konfransı haqqında danışıb.

Politoloq hesab edir ki, Rusiya rəhbərindən bu konfransda çox önəmli mesajlar gözlənilmir:

“Putinin açıqlaması zamanı əsas üstünlüyün üçtərəfli sammitdəki iştirakına verilməsi gözlənilir. Çünki bu görüş Rusiyanın illərdir təkləndiyi, beynəlxalq münasibətlərdən təcrid olunması barədəki fikirləri alt-üst etdi. İndi Putin bunu uğur kimi təqdim etməklə daxili auditoriyaya öz siyasətinin faydalı olduğunu çatdırmağa çalışacaq. Əlbəttə, bu görüşdə iştirak Rusiyanın aldığı iqtisadi-siyasi yaraları sağaltmasa da, Putin üçün ictimai fikri lehinə çəkməsi üçün bir vasitə olacaq.

Bundan başqa, Putinin fikirlərində ikitərəflilik olacağı gözlənilir. Putin bir tərəfdən Krım ətrafındakı hadisələrə görə “qisas ritorikası” ilə çıxış edəcəksə, digər tərəfdən o, özünü və ölkəsini sülhə sadiq təqdim etmək üçün mülayim fikirlər də səsləndirəcək. Yəni Putin diktə etdiyi şərtləri mülayim ritorika ilə təqdim edəcək.

Ancaq ümumi götürsək, Putinin çıxışı xarici dairələrə mesajlar ötürsə də, əsas foksu daxili auditoriyaya yönəlik olacaq. Çox ciddi və konkret açıqlamalar isə gözlənilmir”.