Torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı yeni qayda təsdiqləndi

Torpaq sahəsinin planı və ölçüsü sənədi müəyyən hallarda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab ediləcək.

Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən sənədlərin siyahısı genişləndiriləcək.

Belə ki, torpaq sahəsinin planı və ölçüsü sənədi də həmin siyahıya əlavə olunacaq.

Bu sənədin hansı hallarda dövlət qeydiyyatı üçün əsas hesab ediləcəyi müvafiq səlahiyyətli qurum tərəfindən müəyyənləşdiriləcək.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.