Hindistan Rusiyadan aldığı S-400-ləri Kəşmirdə yerləşdirəcək

Hindistan Rusiyadan aldığı S-400 “Triumf” zenit-raket kompleksini mübahisəli Cammu və Kəşmir bölgələrində yerləşdirməyi planlaşdırır.

Bu barədə “Hindustan Times” məlumat yayıb.

2027-ci ilin fevral ayınadək Kəşmirdə beşinci S-400 kompleksi yerləşdiriləcək. Bu, Hindistanın Rusiyadan satın aldığı sonuncu kompleks olacaq. Nəşrin həmsöhbətləri bildiriblər ki, Dehli Pakistanla sərhəd boyunca yerləşən nəzarət xəttində sərhəd infrastrukturunu da modernləşdirməyi planlaşdırır.

Hindistan bundan əvvəl S-400 sistemlərini Pakistanla sərhəddə yerləşən Pəncab, Racastan və Qucarat ştatlarında, eləcə də Çinlə həmsərhəd bölgələrin müdafiəsi məqsədilə ölkənin şimal-şərqindəki Assam ştatında yerləşdirib.

Xatırladaq ki, Dehli 2018-ci ildə Rusiya ilə ümumi dəyəri 5,43 milyard dollar olan beş divizion S-400 zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. Beş kompleksdən dördü artıq Hindistana təhvil verilib.