Şimali Koreya vətəndaşı qonşu ölkəyə qaçdı

Cənubi Koreya hərbçiləri Şimali Koreyadan qaçan qadını sərhəddə, Çxorvon rayonunda saxlayıblar.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qadın cümə axşamı saxlanılıb. O, Cənubi Koreya ərazisində mülki şəxslərin hərəkətini məhdudlaşdıran nəzarət xəttini keçərək şimala doğru hərəkət edib. Saxlanıldığı yerdən tikanlı məftillərlə möhkəmləndirilmiş sərhəd sahəsinə qədər məsafə təxminən 200 metr olub.

Hərbçilər qadını polisə təhvil veriblər. Hazırda polis onun dindirilməsini həyata keçirir. Polis məlumatına görə, saxlanılan qadın Şimali Koreyadan qaçıb. Polis qadının mülki nəzarət zonasına necə daxil olduğunu müəyyənləşdirməyə çalışır.

Mülki nəzarət xəttinin şimalında yaşayış məntəqələri yerləşir. Amma yerli sakinlərin həmin ərazilərdə hərəkət etməsi üçün xüsusi icazələri olmalıdır.

Bundan əlavə, Cənubi Koreya Şimali Koreyaya məxsus, göyərtəsində altı nəfər ekipaj üzvü olan balıqçı gəmisinin vətənə qayıtmasına icazə verib.

Noyabrın 3-də gəmi Ulındo adasının şimalında, Yapon dənizinin beynəlxalq sularında aşkarlanıb. Yeddi balıqçıdan altısı Seuldan vətənlərinə qayıtmağa icazə verilməsini xahiş edib.

Cənubi Koreya öz niyyəti barədə məlumatları BMT Komandanlığı və dənizdə beynəlxalq rabitə sistemləri vasitəsilə Şimali Koreya tərəfinə çatdırıb.