Heydər Əliyev Beynəlxalq Aeroportunda son 3 ildə bir sərnişinə düşən emissiya 55 % azalıb.
Bu barədə Bakı aeroportundan məlumat verilib.
Bildirilib ki, hava limanı "Airport Carbon Accreditation" proqramı üzrə 3-cü səviyyə akkreditasiyasını uğurla yeniləyib. 2025-ci ildə aeroport rekord sayda - 7,64 milyon sərnişinə xidmət göstərməklə yanaşı, öz əməliyyat fəaliyyəti və satın alınan elektrik enerjisi ilə bağlı karbon emissiyalarını 2024-cü illə müqayisədə 22 % azaldıb. Bir sərnişinə düşən müvafiq emissiya göstəricisi isə 2022-ci illə müqayisədə 55 % azalaraq 3,96 kq CO₂ ekvivalentinə çatıb.
Məlumata əsasən, bu nəticələrin əldə olunmasında enerji resurslarından səmərəli istifadə, əməliyyat proseslərinin optimallaşdırılması və müasir idarəetmə texnologiyalarının tətbiqi mühüm rol oynayıb. Xüsusilə, Terminal 1-də təkmilləşdirilmiş Bina İdarəetmə Sistemi (BMS) işıqlandırma və ventilyasiya sistemlərinin daha səmərəli idarə olunmasına imkan verir. Aeroportun bu istiqamətdə fəaliyyəti ISO 14001:2015 və ISO 50001:2018 beynəlxalq standartlarına uyğun sertifikatlaşdırılmış idarəetmə sistemləri ilə dəstəklənir.
"Airport Carbon Accreditation" proqramının üçüncü səviyyəsi aeroportdan karbon emissiyalarının idarə olunması üzrə fəaliyyətini öz əməliyyatları ilə məhdudlaşdırmayaraq, aviaşirkətləri, yerüstü xidmət təminatçılarını və digər maraqlı tərəfləri də bu prosesə cəlb etməyi tələb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Bakı aeroportu 2025-ci ildə tərəfdaşları ilə əməkdaşlığı gücləndirib və karbon emissiyalarının inventarlaşdırılması üzrə əhatə dairəsini genişləndirib.
"Əldə olunan nəticələr "Azərbaycan Hava Yolları" QSC-nin ESG strategiyasının dayanıqlı yerüstü əməliyyatlar və infrastruktur üzrə prioritetlərinə uyğundur. Uzunmüddətli dekarbonizasiya hədəfləri çərçivəsində aeroport enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və tərəfdaşlarla birgə ekoloji təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır", - hava limanından bildirilib.
Qeyd edilib ki, "Airport Carbon Accreditation" hava limanlarında karbon emissiyalarının idarə olunması üzrə institusional səviyyədə tanınan yeganə qlobal sertifikatlaşdırma proqramıdır. Proqram yeddi səviyyədən ibarət sertifikatlaşdırma sistemi vasitəsilə hava limanlarının karbon emissiyalarının ölçülməsi, idarə olunması və azaldılması istiqamətində göstərdikləri səyləri müstəqil şəkildə qiymətləndirir və tanıyır. Proqram ACI EUROPE-a məxsusdur və qurum tərəfindən ACI-nin digər dörd regional təşkilatı ilə sıx əməkdaşlıq şəraitində, ACI World-un dəstəyi ilə idarə olunur. Üçüncü səviyyə çərçivəsində hava limanlarından üçüncü tərəflərin karbon izinin idarə olunması prosesinə cəlb edilməsi tələb olunur. Bu yanaşma hava limanlarının birbaşa nəzarətindən kənarda yaranan emissiyaların azaldılması məqsədilə aeroport ekosisteminin iştirakçıları arasında əməkdaşlığı təşviq edir.