Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 2,43 ABŞ dolları və ya 2,42% bahalaşaraq 102,77 ABŞ dolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,4 dollar və ya 2,51% bahalaşaraq 98,01 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,54 dollar və ya 3,62% artaraq 72,68 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,63 dollar və ya 2,77% artaraq 97,56 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 85 dolları ötüb.
"Bununla da neft son dörd həftədə ilk dəfə həftəlik bahalaşmaya doğru irəliləyir. Yaxın Şərqdə enerji obyektlərinə və tankerlərə hücumlar mümkün tədarük fasilələri ilə bağlı narahatlıqları artırıb.
İranın dəstəklədiyi husilər Qırmızı dəniz sahilində yerləşən Səudiyyə Ərəbistanının Cazan neft emalı zavoduna zərbə endiriblər. Nəticədə müəssisənin bəzi əməliyyatları müvəqqəti dayandırılıb. Bu hadisədən əvvəl isə Fars körfəzində yerləşən Ras-Tənura neft mərkəzinə hücum edilmişdi.
Bundan əlavə, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin məlumatına görə, çərşənbə günü Hörmüz boğazında tanker hücuma məruz qalıb. Bu həftə bir neçə gəminin minaya düşməsi ilə bağlı İranın yaydığı, lakin hələ təsdiqlənməmiş məlumatlar da mövcuddur.
Son bahalaşmaya baxmayaraq, xam neftin qiyməti cari ayda təxminən 20 faiz ucuzlaşıb. Bu, Fars körfəzi vasitəsilə neft tədarükünün tədricən bərpa olunması və Beynəlxalq Enerji Agentliyinin (IEA) dördüncü rübdə bazarda təklif artıqlığı yaranacağına dair proqnozu ilə əlaqələndirilir.
Bazar iştirakçılarının diqqəti həmçinin bazar günü keçiriləcək OPEC+ iclasına yönəlib. İclasda üzv ölkələrin 2027-ci il üçün hasilat strategiyasını müzakirə edəcəyi gözlənilir", - məlumatda qeyd edilib.