Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

"Ayın əvvəlinə baxanda qiymətlər xeyli aşağı düşüb. Noyabrın əvvəlində 585 əyarlı qızılın – türk və yerli məmulatların qramı 150-170 manat idi, indi 130-150 manata satırıq. 750 əyarlı, əsasən İtaliya qızılları 170-200 manata, 999 əyarlı qızıl isə 220-250 manata enib". Bakıda qızıl ticarəti ilə məşğul olan satıcı AzadlıqRadiosuna bildirir ki, dünya bazarındakı ucuzlaşma son vaxtlar durğunluq hökm sürən yerli bazarda alıcı fəallığını artırıb.

"Bizim üçün də vəziyyət asan deyil, çünki əlimizdə daha baha qiymətə aldığımız qızıllar var", – satıcı əlavə edir.

Ötən il idxal, bu il ixrac artıb

Noyabrın sonlarında dünya bazarında qızılın bir unsiyası 3 min 485 dollaradək geriləyərək 2025-ci ilin sentyabrından bəri ən aşağı həddə düşüb. Bir həftə ərzində təxminən 9 faiz dəyər itirən qiymətli metalın ucuzlaşması ABŞ-də faiz dərəcələrinin artırılacağı gözləntiləri, dolların möhkəmlənməsi və maliyyə bazarlarındakı satış dalğası ilə əlaqələndirilir.

Dünya Qızıl Şurasının hesabatına əsasən, bu ilin üçüncü rübündə qızıla qlobal tələbat 1 faiz azalaraq 1 min 369 tona ensə də, ilk doqquz ayda mərkəzi bankların xalis qızıl alışları 6 faiz artaraq 675 tona çatıb.

Son illər Azərbaycan da dövlət maliyyə ehtiyatlarının mühüm hissəsini qızıl alışına yönəldib.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, ölkə 2024-cü ildə 3.31 milyard dollarlıq (41.1 ton), 2025-ci ildə isə 6.26 milyard dollarlıq (57.5 ton) qızıl idxal edib.

Bu ilin yanvar-sentyabr aylarında isə Azərbaycan xaricə 3.78 milyard dollar dəyərində 25.4 ton emal olunmamış və yarımişlənmiş qızıl satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16, həcm baxımından 7 dəfə artım deməkdir. İxrac dəyərinin təxminən 92 faizi Böyük Britaniyanın payına düşüb.

Əvəzində, bu ilin ilk 9 ayında qızıl idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 99.6 faiz azalaraq 170.8 kiloqrama, dəyər ifadəsində isə 99.3 faiz azalaraq 26.1 milyon dollara düşüb.

Mərkəzi Bankın sədri Taleh Kazımov yerli mediaya açıqlamasında bildirib ki, qızıl amili nəzərə alınmazsa, bu ilin ilk doqquz ayında Azərbaycanın ümumi ixracı 9.6 faiz, qeyri-neft ixracı isə 20 faiz artıb.

2024-cü ilin sonunda 146.6 ton qızıl ehtiyatına malik olan Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən ilin yekununda bu rəqəmi 200 tona çatdırıb. Bu ilin ilk rübündə isə Fond ehtiyatlarının 21.9 tonunu satıb.

Nazir: "ARDNF kifayət qədər böyük qazanc əldə edib"

Neft Fondu aprel ayında qızıl satışını investisiya portfelinin yenidən balanslaşdırılması ilə əsaslandırıb. Qurumun 2026-cı il üzrə investisiya siyasətinə görə, qızılın portfeldəki payı 35 faizədək müəyyənləşdirilib və əlavə 4 faiz bəndi kənarlaşmaya icazə verilir.

Noyabrın 4-də Milli Məclisdə 2027-ci ilin büdcə müzakirələri zamanı maliyyə naziri Sahil Babayev deyib ki, qızılın bir unsiyası 5 min dolları ötəndən sonra Fond onu satmağa başlayıb. "Bunun nəticəsində ARDNF kifayət qədər böyük qazanc əldə edib", – nazir vurğulayıb.

S.Babayev qızılın qiymətini əvvəlcədən dəqiq proqnozlaşdırmağın mümkün olmadığını da diqqətə çatdırıb: "Əgər qiymətin 3 min 800 dollardan da aşağı düşəcəyinə əmin olsaydıq, bəlkə də, qalan qızılı da satardıq".

Nazir satışdan əldə olunan qazancın konkret məbləğini açıqlamayıb.

İqtisadçı Akif Nəsirli AzadlıqRadiosuna bildirir ki, Fondun qızıl ehtiyatlarının bir qismini satması yerində atılmış addımdır. Amma xalis qazancı hesablamaq üçün alış-satış qiymətləri, əməliyyat tarixləri, eləcə də saxlanma və daşınma xərcləri dəqiq bilinməlidir.

Qızılın ucuzlaşması Neft Fonduna necə təsir göstərir?

2025-ci ilin sonunda Neft Fondunun qızıl ehtiyatları 28 milyard dolları, onun ümumi yatırımlardakı payı isə 38 faizi keçib. Bu il sentyabrın sonunda isə fondda 23.93 milyard dollarlıq (178.1 ton) qızıl qalıb və onun payı 32.3 faizə düşüb.

AzadlıqRadiosunun hesablamalarına görə, Fondun qızıl ehtiyatları azalmayıbsa, qiymətin 3 min 485 dollara düşməsi səbəbindən bu qızılın bazar dəyəri sentyabrın sonuna nisbətən təxminən 4 milyard dollar aşağı düşə bilər.

A.Nəsirlinin sözlərinə görə, əvvəlki illərdə qızılın bahalaşması Fonda kağız üzərində böyük gəlir gətirsə də, bunun hamısı real mənfəət sayılmır: "Qızıl satılmadıqca onun qiymət artımı yalnız aktivlərin balans dəyərində əks olunur. Qiymət aşağı düşəndə isə həmin artımın bir hissəsi silinir".

İqtisadçı əsas problemi qızılın alınmasında deyil, investisiya portfelində onun həddindən artıq böyük paya sahib olmasında görür və risklərin müxtəlif aktivlər arasında bölüşdürülməsini vacib sayır.

Hesablama Palatası da Fondun investisiya portfelində qızılın yüksək payından doğan cəmləşmə risklərinə diqqət çəkib.

"Hansısa investisiya uzun müddət gəlir gətirmirsə..."

Əvvəlki illərdə Neft Fondunun xaricdə aldığı daşınmaz əmlakların bir hissəsinin dəyər itirməsi də müzakirələrə yol açıb.

Hesablama Palatasının 2025-ci il üzrə yoxlamasına görə, ötən il 571.1 milyon dollarlıq infrastruktur yatırımı səhmlər bölməsindən çıxarılaraq daşınmaz əmlak bölməsinə daxil edilib. Bu yatırımların 10.8 faizlik gəliri daşınmaz əmlak bölməsinin ümumi göstəricisini müsbətə çıxarıb. Həmin vəsaitlər nəzərə alınmasaydı, daşınmaz əmlak üzrə gəlirlilik mənfi 0.02 faiz olacaqdı.

A.Nəsirli hesab edir ki, audit rəqəmləri əvvəlki problemlərin tam aradan qalxdığını deməyə əsas vermir. Əvvəlki itkilərin ödənilib-ödənilmədiyini dəqiqləşdirmək üçün investisiyaların ümumi gəlirliliyi, icarə gəlirləri, satış nəticələri və xərclər kompleks şəkildə qiymətləndirilməlidir: "Əgər hansısa investisiya uzun müddət gəlir gətirmirsə, onun saxlanılmasının iqtisadi məqsədəuyğunluğuna yenidən baxılmalıdır".

İqtisadçının fikrincə, əsas məsələ fondun vəsaitlərinin hansı şərtlərlə yerləşdirilməsi, nə qədər gəlir gətirməsi və hansı risklərə məruz qalmasıdır.

Neft Fondunun vəsaitləri 2025-ci ildə 60 milyard dollardan 73.54 milyard dollara qalxıb, bu ilin ilk doqquz ayında isə 74 milyard dollara çatıb. Mərkəzi Bankın valyuta ehtiyatları isə bu il yanvarın sonundan oktyabrın sonunadək 11.56 milyard dollardan 15.43 milyard dollara artıb.

AzadlıqRadiosu Neft Fondunun qızıl satışından əldə etdiyi xalis mənfəəti və daşınmaz əmlak investisiyaları üzrə əvvəlki itkilərin kompensasiya olunub-olunmadığını dəqiqləşdirə bilməyib. Mərkəzi Bank isə ehtiyatların idarə olunması ilə bağlı sorğunu qəbul etsə də, yazı dərc olunanadək cavablandırmayıb.