Ermənistan hökuməti tərəfindən təqdim edilən yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək.
Editor.az-ın “Armenpress” nəşrinə istinadən xəbərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə məlumat verib.
O, yeni Konstitusiyada təsbit edilmiş bir sıra müddəaların Ermənistanın Avropa İttifaqına üzvlüyünü istisna etdiyinə dair müxalifətin şərhlərinə fikir bildirib.
“Layihə bu suallara cavab verilməsi üçün Venesiya Komissiyasına göndəriləcək, baxarıq, nə cavab verəcək”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan hökuməti noyabrın 23-də yeni Konstitusiya layihəsini dərc edib və bu da artıq geniş ictimai müzakirələrə səbəb olub. Hakim “Vətəndaş sazişi” fraksiyasından olan deputat Arusyak Manavazyan bildirib ki, Konstitusiya layihəsi ilə bağlı müzakirələr 2027-ci ilin yazına qədər davam edəcək. Baş nazir Nikol Paşinyan, həmçinin bəyan edib ki, Konstitusiya layihəsi müzakirələrin nəticələrinə əsasən yekunlaşdırılacaq, lakin o, “Real Ermənistan” ideologiyasının məntiqindən yayına bilməz.