Bakıda sərnişinlər yağış altında qalır - Dayanacaqlardan ŞİKAYƏT

Dünən yağan yağış Bakıda ictimai nəqliyyatla bağlı daha bir problemi gündəmə gətirib. Paytaxtda smart avtobus dayanacaqlarının azlığı səbəbindən bəzi sərnişinlər əlverişsiz hava şəraitində dayanacaqlarda gözləmək məcburiyyətində qalırlar.

Bir neçə sakin bu problemlə bağlı sosial şəbəkələr vasitəsilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.

Paylaşımlardan birində Milli Məclisin qarşısında, eləcə də 18, 31 nömrəli avtobusların son dayanacaqlarında sərnişinlərin yağış altında gözləməyə məcbur qaldığı vurğulanıb.

Eləcə də, aidiyyəti qurumdan Bakıda avtobus dayanacaqlarının sayının artırılması, mövcud dayanacaqların isə hava şəraitinə uyğunlaşdırılması üçün təcili tədbirlər görülməsi xahiş edilib.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan cavab olaraq bildirildi ki, avtobus dayanacaq pavilyonları dövlət standartına əsasən quraşdırılır: “Avtobus dayanacaq pavilyonları quraşdırılan zaman səki şəraiti və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Dayanacaq məntəqəsində səkinin eni minimum 3 metrdən az olmayan və gün ərzində 20 sərnişindən çox minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun quraşdırılmasına yol verilir”.