“40 illik gərginlikdən sonra yeni mərhələdəyik” - İrəvan görüşü ilə bağlı AÇIQLAMA

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi ki, ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafına diqqət yetirdikdə, bu prosesin intensiv xarakter aldığını açıq şəkildə görmək mümkündür.

Onun sözlərinə görə, əvvəlcə Ermənistana tətbiq olunan tranzit məhdudiyyətləri aradan qaldırılıb, ardınca iki ölkə arasında ticarət əlaqələri başlayıb:

"Bununla yanaşı, hər iki cəmiyyətdə etimad mühitinin yaradılması məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunmağa başlanıb".

Politoloq Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini də bu tədbirlər çərçivəsində dəyərləndirməyin vacibliyini vurğuladı:

"Nəzərə alsaq ki, artıq bir neçə dəfə belə görüşlər keçirilib, həmin görüşlərdə etimad mühitinin yaradılması məsələləri müzakirə olunur, bu istiqamətdə addımların yolları araşdırılır, səfəri müsbət dəyərləndirirəm".

Oqtay Qasımov qeyd etdi ki, Azərbaycan və Ermənistan uzun onilliklər, təxminən 40 ilə yaxın müddət ərzində gərgin münasibətlər şəraitində yaşayıb:

"Burada 1988-ci ildən başlayan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dövrü nəzərdə tuturam. 2023-cü ildə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra isə yeni mərhələ başlayıb. Bu, sülh quruculuğu dövrüdür. Nəzərə alsaq ki, artıq tərəflər arasında sülh müqaviləsinin mətni razılaşdırılıb və paraflanıb, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı addımlar atılır, Zəngəzur dəhlizinin açılması istiqamətində prosesə start verilib. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda gələcəkdə sabitlik və əməkdaşlıq mühitinin yaradılması üçün addımların atılmasının tərəfdarıdır və sülh təşəbbüsləri ilə çıxış edən tərəfdir. Ona görə də bu proseslərdə Azərbaycan nümayəndələrinin, o cümlədən ictimaiyyət nümayəndələrinin iştirakını məhz bu aspektdən dəyərləndirmək doğru olardı. Bu səbəbdən səfəri və aparılan müzakirələri müsbət qiymətləndirmək lazımdır.

Çünki bütün hallarda müharibələr danışıqlar masasında sülhlə başa çatır. Biz də artıq sülh prosesinin irəlilədiyi bir mərhələni yaşayırıq. Sülhün dayanıqlı və davamlı olması üçün bu cür təmaslara ehtiyac duyulduğu məlumdur".