Azərbaycan 10 aya qaz ixracından $8 mlrd. gəlir əldə edib

Azərbaycan 2026-cı ilin ilk 10 ayında 20,65 milyard kubmetr təbii qaz ixrac edərək 7,93 milyard dollar gəlir əldə edib. İxrac həcmi demək olar dəyişməsə də, gəlir 6,9% artıb.

Ixrac olunan qazın hər min kubmetrinin orta gömrük dəyəri 359,2 dollardan 384 dollara yüksəlib. Beləliklə, Azərbaycan hər min kubmetr qazdan ötən illə müqayisədə təxminən 25 dollar əlavə gəlir əldə edib. Təbii qaz ümumi ixracın 28,41%-ni formalaşdırıb.

İlk üç rübdə ixrac edilən 18,4 milyard kubmetr qazın 8,6 milyard kubmetri və ya 46,7%-i Avropaya, 7 milyard kubmetri Türkiyəyə, 1,6 milyard kubmetri Gürcüstana, 1,2 milyard kubmetri isə Suriyaya göndərilib. Türkiyəyə tədarükün 4,2 milyard kubmetri TANAP vasitəsilə həyata keçirilib.

Azərbaycan qazının alıcılarının sayı 16-ya, Avropa İttifaqındakı bazarların sayı isə 10-a çatıb. 2026-cı ildə Almaniya və Avstriyaya da tədarükə başlanılıb. TAP-ın illik ötürmə gücü 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qaldırılıb.

Avropada qazın əsas qiymət göstəricisi olan TTF noyabrın 26-da 88–89 avro/MVt-saat ətrafında ticarət edilib. Oktyabrda qiymət 100 avroya toxunaraq 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. TTF-nin oktyabr üzrə orta qiyməti illik 163% artaraq 28,63 dollar/MMBtu, ilk 10 ay üzrə orta qiyməti isə 47% artaraq 18,13 dollar/MMBtu olub.

Bahalaşmaya Hörmüz boğazından LNG daşımalarının kəskin azalması, Qətər və BƏƏ-dən tədarükün məhdudlaşması, Avropanın qaz anbarlarının son 13 ilin ən aşağı mövsümi səviyyəsində olması, Norveçdəki fasilələr, soyuq hava və külək enerjisi istehsalının zəifləməsi təsir edib. TTF Azərbaycanın faktiki satış qiyməti deyil: ixrac uzunmüddətli müqavilələr və müxtəlif qiymət formulları əsasında həyata keçirilir.

Azərbaycan ilk üç rübdə 37,9 milyard kubmetr qaz hasil edib. Bunun 20,6 milyard kubmetri “Şahdəniz”, 10,8 milyard kubmetri AÇG, 1,2 milyard kubmetri “Abşeron”, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

“Şahdəniz”in mövcud illik hasilat gücü 28,8 milyard kubmetrdir. Dəyəri 2,9 milyard dollar olan kompressiya layihəsi yataqdan əlavə 50 milyard kubmetr qaz və 25 milyon barel kondensat çıxarılmasına imkan verməlidir. İlk qazın kompressiyaya 2029-cu ildə qəbul edilməsi planlaşdırılır. AÇG-də isə 2026-cı ildə ilk dəfə ayrıca qaz hasilatına başlanılıb.

Hökumət 2027-ci ildə ümumi qaz hasilatını 48,52 milyard kubmetr səviyyəsində proqnozlaşdırır. Əmtəəlik qaz hasilatının isə 9,3% azalaraq 35,64 milyard kubmetr olacağı gözlənilir. Azərbaycan və Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış sənəddə Avropaya tədarükün 2027-ci ilədək 20 milyard kubmetrə çatdırılması hədəfi müəyyən edilib.

Beynəlxalq Enerji Agentliyi qlobal LNG təklifinin 2026-cı ildə 3% və ya təxminən 20 milyard kubmetr azalacağını gözləyir. Agentlik Avropanın aşağı anbar ehtiyatları səbəbindən qlobal qaz bazarındakı gərginliyin 2027-ci ildə də davam edə biləcəyini bildirir.