Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” matçında vəfat edən rusiyalı azarkeşlə bağlı yeni məlumatlar açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 26-da Bakı Olimpiya Stadionunda qarşılaşmanın ikinci hissəsində baş verib.
Rusiyanın Krasnoyarsk diyarından olan, 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşev matçı tribunadan izləyərkən qəfil halı pisləşərək huşunu itirib və yıxılıb. Hadisə yerinə gələn həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, 39 yaşlı azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub. Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.
Məlumata əsasən, Petrişşev əslən İqarka şəhərindən olsa da, son illərdə Moskvada yaşayıb. O, layihələndirmə və tikinti şirkətinin baş direktoru olub, həmçinin daşınmaz əmlakın icarəsi ilə məşğul olub.
İki uşaq atası olan Petrişşev əsasən Moskvanın “Lokomotiv” klubuna azarkeşlik edib. O, faciədən cəmi üç gün əvvəl, noyabrın 23-də 39 yaşını qeyd edib.
Faktla bağlı araşdırma aparılır.