Repetitorluq problemini DİM deyil, məktəblər həll etməlidir – Ekspert

Orta məktəbin nüfuzunu bərpa etmək və repetitorluqdan asılılığı azaltmaq üçün ilk növbədə qəbul imtahanlarının sualları ilə dövlət təhsil standartları arasında uyğunluq təmin edilməlidir.

Bu barədə Trend-ə açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

O qeyd edib ki, bu məsələdə əsas problem Dövlət İmtahan Mərkəzinin suallarının hazırlanması deyil, məktəblərdə tədris proqramının lazımi səviyyədə mənimsədilməməsidir.

“Əslində, burada Dövlət İmtahan Mərkəzinin günahı yoxdur. Çünki DİM imtahan keçirən və sualları tərtib edən qurum kimi hər il müvafiq fənlər üzrə müəyyənləşdirilmiş məzmun xətlərinə, tədris proqramlarına və kurikulumlara istinad edir. İmtahan sualları həmin tədris ilinin proqramı, məzmun standartları və kurikulumun məzmun xətləri əsasında hazırlanır. Yəni heç bir sual müvafiq fənn üzrə müəyyənləşdirilmiş tədris proqramından kənarda ola bilməz. DİM-in istinad nöqtəsi məhz həmin proqramdır və qurum sualları hazırlayarkən bu çərçivədən kənara çıxmır. Buna baxmayaraq, imtahan sualları ilə məktəblərdə tədris olunan materiallar arasında uyğunsuzluq müşahidə edirik”.

Ekspert bildirib ki, əsas problem ümumi təhsil müəssisələrinin dövlət tərəfindən müəyyənləşdirilən tədris proqramını şagirdlərə lazımi səviyyədə çatdıra bilməməsidir.

“Bu gün məktəb özü üçün hazırlanmış tədris proqramı çərçivəsində fəaliyyət göstərə bilmir. Təsəvvür edin, məktəbə müəyyən bir tədris proqramı verilir, lakin məktəb həmin proqramı şagirdə tam şəkildə öyrədə bilmir. Dövlət İmtahan Mərkəzi isə məhz həmin proqram əsasında suallar hazırlayır və öz istinad nöqtəsindən kənara çıxmır. Nəticədə bu uyğunsuzluğun zərərini şagirdlər çəkirlər. Yəni bir tərəfdə dövlətin müəyyənləşdirdiyi proqram, digər tərəfdə isə həmin proqramı tam mənimsədə bilməyən məktəb var. İtirən isə qəbul imtahanında iştirak edən abituriyent olur”.

Elmin Nurinin sözlərinə görə, problemin həlli üçün məktəblər tədris proqramının mənimsədilməsində daha aparıcı rol oynamalıdır.

“Düşünürəm ki, tam uyğunluğun təmin edilməsi üçün məktəb xüsusi aparıcı qüvvəyə çevrilməlidir. Məktəb özü düşünməlidir ki, dövlətin müəyyənləşdirdiyi tədris proqramını şagirdlərə necə və hansı üsullarla tam çatdıra bilər. Mən demirəm ki, məktəblər bütün dərsliklərini qəbul imtahanlarının suallarına uyğun hazırlamalıdırlar. Söhbət bundan getmir. Əminliklə deyə bilərəm ki, Dövlət İmtahan Mərkəzi sualları hazırlayarkən müəyyən edilmiş proqramdan kənara çıxmır. Sadəcə, həmin proqramı şagirdlərə öyrətməli olan ümumi təhsil müəssisələri öz funksiyalarını lazımi səviyyədə yerinə yetirməlidir. Problemin əsas nöqtəsi məhz buradadır və bu məsələ öz həllini tapmalıdır”.

Ekspert əlavə edib ki, imtahan keçirən qurumdan məktəblərdə tədrisin hansı səviyyədə təşkil olunduğunu nəzərə almağı gözləmək düzgün yanaşma deyil.

“İmtahanı keçirən və nəticələri qiymətləndirən qurum vahid tədris proqramı ilə işləyir. DİM haradan bilsin ki, həmin proqramın aid olduğu təhsil müəssisəsində bütün mövzular tam tədris olunmur? Qurumun vəzifəsi müəyyən edilmiş standartlara uyğun suallar hazırlamaq və biliyi qiymətləndirməkdir. Əgər məktəb proqramı şagirdə tam öyrədə bilmirsə, bunun məsuliyyətini imtahan keçirən qurumun üzərinə qoymaq doğru deyil. Ona görə də ilk növbədə ümumi təhsil müəssisələrində tədrisin keyfiyyəti yüksəldilməli, proqramla real tədris prosesi arasında uyğunluq yaradılmalıdır. Orta məktəbin nüfuzunun bərpası və repetitorluqdan asılılığın azaldılması üçün əsas dəyişiklik məhz məktəbdən başlamalıdır”.