Bir neçə saat öncə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda ABŞ-yə məxsus bir ədəd Pilotsuz Uçuş Aparatı ələ keçirilib.
İranın Sistan və Bəluçestan vilayəti valiliyinin məlumatına görə, bunu vilayətin polis idarəsinin rəis müavini Əli Xəlilabadi deyib.
Xəlilabadi əlavə edib ki, sözügedən PUA ölkənin əlaqədar qüvvələri tərəfindən sağlam şəkildə yerə endirilib.
Polis rəsmisi PUA-nın ələ keçirilməsinin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.