“Azər-Türk Bank” ASC-nin səhmdarlarının noyabrın 23-nə planlaşdırılan növbəti ümumi yığıncağı dekabrın 24-nə keçirilib. Yığıncağın gündəliyinə bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.
Yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında yerləşən baş ofisində keçiriləcək.
Xatırladaq ki, sentyabrın 25–26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun “Azər-Türk Bank”ın yeni səhmlərini əldə etməsinə dair saziş imzalanıb.
1995-ci ildə yaradılan bankın nizamnamə kapitalı 100,5 milyon manatdır. Səhmlərin 51%-i SOCAR-a, 24%-i dövlət adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin “Ziraat Bank”ına, 6,55%-i “AzRe Təkrarsığorta”ya, 5%-i “Qala Həyat Sığorta”ya, 1,08%-i isə “Ziraat Bank International”a məxsusdur.