Etirazçı qıza 25 il həbs cəzası: əkiz bacısı edam olunacaq

İranda yanvar ayında hökumət əleyhinə keçirilən etiraz aksiyalarından sonra saxlanılan 21 yaşlı Təranə Rəhimi edama, onun əkiz bacısı Romina isə 25 il müddətinə həbs cəzasına məhkum edilib.

Xarici mediaya istinadla, bacıların qohumu Məsud Nurməhəmmədi BBC-nin farsdilli xidmətinə açıqlamasında onların həbsdə işgəncələrə məruz qaldıqlarını iddia edib.

Onun sözlərinə görə, ana qızlarını həbsxanada ilk dəfə görəndə üzləri şişmiş, bədənlərində göyərtilər yaranmış və saçları yolunmuş vəziyyətdə olub. Ana övladlarını yalnız səslərindən tanıya bilib.

Təranənin aldığı xəsarətlər səbəbindən həftələrdir normal yeriyə bilmədiyi bildirilir. Ailənin iddiasına görə, müstəntiqlər onun bacısına cinsi zorakılıq göstərəcəkləri ilə hədələyərək etiraf sənədini imzaladıblar.

Bacılar İsfahanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvünün öldürüldüyü ərazidə keçirilən etirazlarla əlaqədar mühakimə olunublar. Təranə İran qanunvericiliyində edam cəzası nəzərdə tutulan “müharibə” (Allaha qarşı savaş) ittihamı ilə təqsirli bilinib. Romina isə həmin cinayətə kömək etməkdə ittiham olunub.

Hər iki bacı ittihamları rədd edir.

BMT-nin İranda insan hüquqları məsələləri üzrə xüsusi məruzəçisi Mai Satonun məlumatına görə, bu il ölkədə 9 qadın barəsində edam hökmü çıxarılıb. Onlardan altısı yanvar etirazları ilə əlaqədar mühakimə olunub.

İranın Londondakı səfirliyi isə işgəncə iddialarını qəti şəkildə rədd edib və təzyiq altında alınan etirafların hüquqi qüvvəsinin olmadığını bildirib.