Estoniya Ukraynaya yardımı Aİ-nin büdcə danışıqları ilə əlaqələndirməyi təklif edir

Estoniyanın Baş naziri Kristen Mixal Avropa İttifaqının (Aİ) çoxillik büdcəsi ilə bağlı danışıqların Ukraynaya ayrılacaq maliyyə dəstəyi ilə əlaqələndirilməsi ideyasını dəstəkləyib.

Bu barədə “European Pravda” nəşri məlumat yayıb.

Mixal bildirib ki, Ukraynanı qarşıda olduqca çətin qış gözləyir və Kiyev Avropanın ona dəstək verməyə hazır olduğuna əmin olmalıdır.

“Ukrayna bizim üçün mübarizə aparır. Biz isə sadəcə avroları hesablayırıq. Avroların hesablanmasında pis heç nə yoxdur. Lakin ukraynalılar qan tökürlər. Buna görə də əlimizdən gələn hər şeyi etməliyik”, – deyə Estoniyanın Baş naziri vurğulayıb.

Hökumət başçısı, həmçinin Rusiyanın “hibrid müharibə”ni gücləndirdiyi bir vaxtda müdafiə xərclərinin daha da azaldılmasının yolverilməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.