Azərbaycanın boru ixracı $22 milyonu keçib – Əsas bazar Qazaxıstandır

Azərbaycan 2026-cı ilin ilk 3 rübündə neft və qaz quyularının qazılmasında istifadə edilən tikişsiz polad boruların ixracını 42,9% artıraraq 22,16 milyon ABŞ dollarına çatdırıb. Ötən ilin eyni dövründə bu göstərici 15,51 milyon dollar idi. İllik artım 6,65 milyon dollar təşkil edib.

Xaricə göndərilən boruların fiziki həcmi 12,34 min tondan 17,51 min tona yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,9% artım deməkdir.

Əsas alıcı Qazaxıstan olub. Bu ölkəyə 11,94 milyon dollarlıq qazma borusu göndərilib. Qazaxıstanın məhsulun ümumi ixrac dəyərində payı 53,9% təşkil edib.

Bir ton borunun orta ixrac dəyəri ötən ilin eyni dövründə 1 257 dollar, bu il isə 1 266 dollar olub. Göstərici təxminən 0,7% yüksəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda bütün növlər üzrə 124,04 min ton polad boru istehsal edilib. Bu, ötən ilin 145 min tonluq göstəricisindən 14,5% azdır.

Bununla yanaşı, paslanmayan poladdan olmayan tikişsiz nasos-kompressor və qazma borularının istehsalı 19,73 min tondan 24,35 min tona yüksəlib. Artım 23,4% olub.

“Baku Steel Company” QSC-nin Sumqayıtdakı “Azərboru” sahəsi tikişsiz polad borular istehsal edir. Şirkətin məlumatına görə, müəssisənin illik istehsal gücü 60 min tondur.

Müəssisədə bu gücün 120 min tona çatdırılması və nasos-kompressor borularının istehsalının mənimsənilməsi layihəsi həyata keçirilir.