Əraqçi: “İsrail ABŞ-ni yeni müharibəyə cəlb etmək istəyir”

İranın xarici işlər naziri Abbas Əraqçi İsraili İranı kimyəvi silah hazırlamaqda və onları əczaçılıq zavodlarında gizlətməkdə ittiham etməklə ABŞ-ni yeni müharibəyə cəlb etməyə çalışmaqda günahlandırıb.

Əraqçi bu ittihamların məqsədinin Vaşinqtonu aldadaraq İrana qarşı yeni müharibəyə sövq etmək və bununla da iranlı xəstələri təhlükə altına atmaq olduğunu bildirib.

Nazirin sözlərinə görə, İsrail nüvə, kimyəvi və bioloji silahların qadağan edilməsinə dair konvensiyalara qoşulmayıb, yüzlərlə nüvə başlığına malikdir və regionun yeddi ölkəsinə hücum edib.

O, son bir ildə İsrailin ABŞ-ni İrana qarşı iki uğursuz müharibəyə cəlb etdiyini də iddia edib.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Kats bundan əvvəl İranın kimyəvi silah hazırladığını və buna imkan verməyəcəklərini bəyan edib.