İxrac olunan mallar barədə məlumatlar “İntellektual gömrük” informasiya sistemi vasitəsilə ötürüləcək

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə Dövlət Gömrük Komitəsi nəzarət edəcək. Bu məqsədlə Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların “İntellektual gömrük” informasiya sistemi (İGİS) vasitəsilə müvəkkil banklara ötürülməsini təmin edəcək.

Müvəkkil banklar ixrac müqavilələri üzrə ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin şəxslərin müvəkkil bankdakı hesablarına daxil olması, habelə vaxtında köçürülməməsi barədə məlumatı 3 iş günü ərzində İGİS vasitəsilə Dövlət Gömrük Komitəsinə ötürəcəklər.

Qeyd edək ki, hazırda ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Mərkəzi Bank (Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 iş günü ərzində Mərkəzi Banka ötürürlər. Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2) iş günü müddətində Dövlət Gömrük Komitəsinə məlumat verir. Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər.

Xatırladaq ki, Fərmanla Mərkəzi Banka tövsiyə edilib ki, xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Yeni prosedur da həmin qaydalarla eyni gündə qüvvəyə minəcək.