Kreml Boris Consonu Ukraynadakı münaqişənin nizamlanmasını pozmaqda ittiham edib

Xarici qoşunların Ukrayna ərazisinə yerləşdirilməsi Moskva üçün tamamilə qəbuledilməzdir.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Ukraynaya xarici qoşunların yerləşdirilməsi təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukraynada hansısa xarici hərbi kontingentlərin yerləşdirilməsi Rusiya üçün tamamilə qəbuledilməzdir, buna imkan vermək olmaz.

“Müxtəlif səviyyələrdə, o cümlədən Prezident Putin tərəfindən bu barədə dəfələrlə deyilib. Biz Boris Consonu tanıyırıq. Onun destruktiv rolunu bilirik. Bu, o adamdır ki, 2022-ci ildə müharibəni dayandırmağa mane olub. İndi də öz sülhdən uzaq niyyətini, yumşaq desək, qoruyub saxlayıb. Təəssüflər olsun ki, Avropa paytaxtlarından, Brüsseldən Ukraynada xarici hərbi kontingentlərin yerləşdirilməsi planları barədə bəyanatlar səslənir. Bir daha təkrarlaya bilərəm ki, bu, Moskva üçün tamamilə qəbuledilməzdir”, - Kremlin sözçüsü vurğulayıb.